Avropa Parlamenti Azərbaycanı “qeyri-azad ölkələr” sırasına daxil edib, dünyanı ölkəmizə qarşı sanksiya tətbiq etməyə çağırıb. Avropa Parlamentinin bu çağırışı qərəzli olmaqla yanaşı, absurddur. Qərbin, Avropanın siyasi institutlarının Azərbaycana qarşı bitməyən hücumlarının davamıdır. Hansı ki, II Qarabağ müharibəsində qazandığımız qələbədən sonra daha da intensiv xarakter alıb.
İşğal altında qalan Azərbaycana səfərlər edib “təsəlli çıxışları” ilə işlərini bitirən Qərbin, Avropanın beynəlxaq təsisatları BMT TŞ kimi böyük bir qurumun Ermənistanın işğalına qarşı qəbul etdiyi 4 qətnamənin icrasını hansı səbəblə təmin edə bilmədiyinin izahını verə bilmədən Avropa Parlamentinin səsləndirdiyi bu ittihamlar bir- biri ilə paradoks təşkil edir. Yəni, ədalətsiz, haqsız bir qurumun, yaxud dövlətin, özünün haqqını, ədalətini bərpa etmiş, xalqına, insanına demokratiya, azadlıq, firavanlıq vəd edən dövləti ittihamlarla hədəfə alması məkrli planların tərkib hissəsindən başqa bir məsələ ola bilməz.
Avropa Parlamenti guya Avropa Bİrliyi xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Məlumdur ki, Avropa Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və Birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir, yaxud etməlidir.
Azərbaycan kimi dövlətlərə münasibətdə ədalət tərəzisi olmayan, haqqı seçə bilməyən, yaxud ədalətin gücünə deyil, qolunun gücünə etimad edən bu qurumun bu gün Azərbaycan xalqının, “insanının hüquqlarının müdafiəçisi” kimi çıxış etməsi qeyri-səmimi, gülünc görünür. Otuz il torpaqları işğalda qalan, soyqırımlara məruz qoyulan, tarixi mədəniyyət abidələri məhv edilən, öz yurdunda məcburi köçkün halında yaşayan Azərbaycan xalqı öz yaşamaq haqqını qorumaq üçün dünyaya səslənən zaman həmin Avropa, Qərb institutları boş bəyanatlarla kifayətlənərək işğalçıya, cinayətkar dövlətə “dur” demədi. Həmin mövqe bu gün də başqa formada davam edir, amma qorxur. Azərbaycan, odövrkü Azərbaycan deyil.
Uzun illər işğalçı ilə işğala məruz qalan Azərbaycan dövlətinin, xalqının çəkdiyi acıları görməzdən gələn beynəlxalq təşkilatların məhz 30 ildən sonra öz torpaqlarını özünün gücü ilə azad edən bir xalqı, dövləti hədəfə almasının arxasında məkrli maraqların dayandığı danılmazdır və ölkə ictimaiyyəti artıq bu qurumların ədalətinə inanmır.
Sual olunur: Bir milyon azərbaycanlı qaçqın-köçkün olarkən, torpağı, evi yağmalanarkən, həmin Avropa Parlamenti niyə Ermənistana qarşı sanksiya çağırışı etmədi? Niyə Ermənistandan Xocalı soyqırımının hesabı soruşulmadı? O zaman haqlarımız pozulmurdumu?!
Azərbaycan dövləti, xalqı Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qlobal problemlərin həllində aciz olduğunu və ölkəmiz daxilinə hər hansı “boşluqlardan” sızaraq istənilən fürsətdən yararlanıb öz maraqlarını həyata keçirmək istədiklərini yaxşı anlayır.
Təbii ki, Avropa Parlamentinə üzv olan aparıcı dövlətlərin ayrı-ayrı ölkələrdə apardıqları neokolonialist siyasətin arxasında hökmranlıq iddiası var və ölkəmizə qarşı edilən təzyiq və təsirlər Cənubi Qafqazın ən böyük, gələcəyi olan Azərbaycanı zəiflətmək məqsədi güdür.
Avropadan Şərqə, Şərqdən Qərbə gedən əsas tranzit yolunun üzərində körpü rolunu oynayan Azərbaycana qarşı yönələn bu kimi təzyiq və təsirlər həmin yola xarici nəzarəti təmin etmək istəyindən irəli gəlir. Azərbaycanın 44 günlük zəfərdən sonra bütün beynəlxalq təşkilatlara üzünü tutaraq haqqın, ədalətin bərpası naminə onları ölkəmizə səfərə dəvət etdi. Azərbaycan Ermənistanın və havadarlarının törətmiş olduğu cinayətləri öz gözləri ilə görmələrini istədi. Amma haqqımızı qorumaq üçün etdiyimiz bu çağırışa Qərb, Avropa biganə yanaşdı və bu münasibət bu gün də davan edir. Ona görə də nə Avropanın, nə Qərbin bu gün bizi qınamağa haqqı yoxdur. Eləcə də Avropanın Parlamentinin Azərbaycana qarşı sanksiya istəməsinin bizim üçün heç bir əhəmiyyəti, gücü yoxdur. Bu, çox böyük təəssüf doğurur.
Azərbaycanı özünün müstəmləkəsinə çevirmək istəyən xarici güclər Ermənistanın əli ilə ərazilərimizdə müharibə ocağı yaradandan sonra xalq, dövlət tərkibində Rusiya, Fransa, ABŞ-ın olduğu ATƏT-in Minsk qrupu adında guya nizamlayıcı, barışdırıcı, ədalətin, haqqın yanında dayanan güclərin bir araya gəldiyi bir təşkilatla da tanış oldu. Onu da müşahidə etdi ki, illərlə bu ölkələrin həmsədr nümayəndələri Azərbaycana səfər etdi, torpaqların işğalını, məcburi köçkünləri gördü, sonra “tərəfləri barışığa çağırıb” getdilər.
Avropa Parlamentinin Azərbaycana qarşı sanksiya tələbinin arxasında yenə də xaricdə olan erməni lobbilərinin “ağzıaçıq kisələri” dayanır. Onlar özlərindən kiçik gördükləri, yaxud bugünkü reallıqda dirçəlməsini, güclənməsini azad və müstəqil olmasını istəmədikləri dövlətləri əzmək üçün əllərindən gələni edirlər.
Məlum olduğu kimi, Avropa Parlamentində Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də eyni mövqedə idilər. Prezident İlham Əliyev Almaniya biznes nümayəndələrini qəbul edərkən bu iyrənc oyunları ifşa etdi. Heç şübhəsiz, haqq-ədalət tanımayan bu oyunların arxasında Makron kimiləri, Avropa Parlamentində olan islamofob, rasist və türkofob dairələr, səlibçi və neokolonial təfəkkürlü adamlar, agentlər dayanır.
İşğal dövründə bu cür beynəlxalq qurumların ikilistandartlı, qərəzli siyasətindən öz dərsini alan Azərbaycanın bu gün Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Qərb Cənubi Qafqazdan Avropaya, Şərqə gedən yola nəzarət edəcək, getdikcə güclənəcək, eyni zamanda Avropanın enerji təhlükəsizliyində böyük rolu olan Azərbaycanın regionda əsas söz sahibi olmasından qorxur.
Ölkəmizin balanslı siyasətini həzm edə bilməyən Avropa Birliyi dövlətləri, başda Fransa, onun başında duran güclər Orta Dəhlizdən kənarda qaldıqlarına görə narahatdır. Böyük Britaniya, Azərbaycan, Türkiyə, Çinin iştirakı ilə qurulan bu yol regionun müasir dövrün yeni iqtisadi, siyasi, mədəni sivilizasiyasını təmin edəcək. Azərbaycanın Cənubi Qafqazın ən aparıcı dövləti olaraq Qərblə Avropa arasında bir körpü olaraq həmin yola nəzarət etməsi onun dünyanın seçilən dövləti kimi daha böyük nüfuza sahiblənməsinə, iqtisadi, geosiyasi imkanlarının genişlənməsini təminat verəcək. Bu, Azərbaycana yeni dünya düzənində əsas oyunçu olaraq özünün şərtləri ilə müstəqil çıxış etməsinə imkan verir. İslamofob, Azərbaycanofob, türkofob Fransa, Avropa Parlamenti bu həqiqəti həzm edə bilmir və var gücü ilə ölkəmizi insana hörmət edilməyən bir məkan olaraq tanıtmağa çalışır. Bu əbəsdir. Azərbaycan öz yeni xətti ilə irəliləyir.